TEXNOLOJİ ARAŞDIRMALARIN APARILMASINDA İQTISADİYYATA DÖVLƏT MÜDAXİLƏSİNİN ROLU
Xülasə
Texnoloji araşdırmalar və innovasiya müasir milli iqtisadiyyatların böyüməsi və rəqabət güclərinin artması mövzusunda önəmli rola malikdir. Bu sahədəki yüksək risklər, qeyri-müəyyənliklər özəl sektorun yetərsiz qalmasına səbəb ola bilər. Buna görə də texnoloji araşdırmaların maliyyələşdirilməsində dövlətlər böyük rol oynamaqdadır.
21-ci əsrdə iqtisadiyyatın inkişafında texnologiyanın rolu inkaredilməz şəkildə artmışdır. Çağımızın dünyasını artıq bu olmadan təsəvvür etmək qeyri-mümkündür. Buna bağlı olaraq iqtisad elminin qarşısında duran məsələlərdən biri də fərqli ölkələrin milli iqtisadiyyatlarının texnoloji araşdırmalara sərmayə yatırılması işinin daha çox özəl sektora, yoxsa dövlət aparatına həvalə edilməsidir. İqtisadiyyatla texnoloji inkişaf arasındakı əlaqə ikitərəflidir; iqtisadiyyat texnologiyanı inkişaf etdirir, inkişaf etmiş texnologiya isə, əksinə, iqtisadi artıma təkan verir. Bu məqalə texnoloji inkişafda dövlət yatırımlarının rolunu, dövlət müdaxiləsinin qatqılarını, avantaj və dezavantajlarını tədqiq etməyi hədəfləyir.