AZƏRBAYCANDA QİDA SƏNAYESİNDƏ MARKETİNQ XİDMƏTLƏRİNİN TRANSFORMASİYASI VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ
Xülasə
Qlobal rəqabətin artması, istehlakçı davranışının dəyişməsi və rəqəmsal texnologiyaların sürətli yayılması qida sektoru müəssisələrinin bazar strategiyalarına yenidən baxılmasını zəruri edir. Araşdırma çərçivəsində PESTEL analizi, müqayisəli-statistik yanaşma və məzmun təhlili metodlarından istifadə olunmuşdur. Nəticələr göstərir ki, ölkədə qida sənayesində marketinq xidmətləri hələ də əsasən satışyönümlü funksiyalara söykənir və müştəri əlaqələrinin idarə olunması, seqmentləşmə, data əsaslı qərar qəbuletmə mexanizmləri zəif inkişaf etmişdir. Marketinq fəaliyyətində strategiyanın olmaması müəssisələrin rəqabət üstünlüyü qazanmasını məhdudlaşdırır. Tədqiqatda marketinq idarəetməsinin institusionallaşdırılması, rəqəmsal marketinq alətlərinin geniş tətbiqi, CRM sistemlərinin qurulması, xidmət keyfiyyətinin standartlaşdırılması və brend kommunikasiya strategiyalarının təkmilləşdirilməsi əsas inkişaf istiqamətləri kimi əsaslandırılmışdır. Məqalə nəticələri qida sənayesi müəssisələrinin marketinq fəaliyyətinin müasir modellər əsasında qurulmasına və bazar səmərəliliyinin yüksəldilməsinə praktiki töhfə verə bilər.