ELEKTRON BİZNES VƏ İNNOVASİYALARIN İDARƏ OLUNMASININ QARŞILIQLI TƏSİRİNİN TƏDQİQİ
Xülasə
Tezisdə müasir qlobal iqtisadiyyatda elektron biznes texnologiyalarının tətbiqi və innovasiyaların idarə edilməsinin qarşılıqlı təsiri tədqiq edilir. Qeyd olunur ki, rəqəmsal transformasiya iqtisadiyyatın strukturunu dəyişdirərək müəssisələr üçün yeni biznes modelləri, bazarlara daha geniş çıxış və əməliyyat səmərəliliyi yaradır. Elektron biznes satınalma, istehsal, satış, maliyyə və idarəetmə proseslərinin rəqəmsal platformalar üzərindən həyata keçirilməsini təmin edir və transaksiya xərclərinin azalmasına, məlumat axınının şəffaflaşmasına, müştəri təcrübəsinin yaxşılaşmasına şərait yaradır.
İnnovasiyaların idarə edilməsi isə elmi biliklərin kommersiyalaşdırılması, yeni texnologiyaların hazırlanması və bazara çıxarılmasının strateji əsasını formalaşdırır. Bu proses elektron biznesin davamlı və rəqabətqabiliyyətli olmasını təmin etməklə yanaşı, yüksək texnologiyalı iqtisadi strukturun yaranmasına töhfə verir. Elektron biznes innovasiyalar üçün effektiv platforma rolunu oynayır, innovasiya idarəetməsi isə elektron biznes həllərinin səmərəliliyini artırır. Bu qarşılıqlı təsir iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi məhsuldarlığın artmasına, yeni dəyər zəncirlərinin formalaşmasına, investisiya cəlbediciliyinin yüksəlməsinə və ixrac imkanlarının genişlənməsinə səbəb olur. Bununla yanaşı, kiber təhlükəsizlik, rəqəmsal bacarıqların çatışmazlığı və infrastruktur bərabərsizliyi kimi problemlərin aradan qaldırılması üçün müəllif tərəfindən təkliflər irəli sürülür.